Borular bağlıdırsa, dərman onları aça bilərmi?
Xeyr. Bağlı borunu dərman açmır, “boru yuyulması” və ya uşaqlıq masajı da problemi həll etmir. Əvvəlcə borunun hansı nahiyədən və nə qədər müddətdir bağlı olduğu, əvvəllər hamiləlik olub-olmadığı, əməliyyat keçirilib-keçirilmədiyi qiymətləndirilir. Sonra ya laparoskopiya ilə yapışıqlıqlar açılır və mümkün olduqda boruların keçiriciliyi bərpa edilir, ya da vaxt itirmədən süni mayalanma tövsiyə olunur.
Uşaqlıq boşluğundakı problemlər hamiləliyə mane olurmu?
Bəli, ola bilər. Polip, uşaqlıq arakəsməsi (septum), yapışıqlıqlar, dar və ya düzgün formada olmayan uşaqlıq boşluğu, qeysəriyyə çapığında yaranan boşluq (istmosel) embrionun yapışmasını çətinləşdirə bilər. Bu problemlər çox vaxt histeroskopiya və ya laparoskopiya ilə aradan qaldırılır. Problem həll edildikdən sonra bəzən hamiləlik heç bir əlavə müalicə olmadan, təbii yolla baş verir. Uşaqlıq masajı isə uşaqlıqdakı əyriliyi düzəltmir, kista və miomanı müalicə etmir.
Endometrium niyə qalınlaşmır?
Endometrium (uşaqlığın daxili qişası) davamlı olaraq nazik qalırsa, iki əsas səbəb axtarılır:
- çapıq və ya yapışıqlıq — əvvəlki müdaxilələrdən sonra uşaqlıq boşluğunda yaranan toxuma;
- xroniki endometrit — endometriumun uzunmüddətli iltihabı.
Hər iki səbəb histeroskopiya və lazım olduqda endometrial biopsiya ilə aşkarlanır və səbəbə uyğun müalicə olunur. Endometriumun qalınlığı normal olsa belə, bu, hələ hamiləliyi təmin etmir — onun quruluşu və uşaqlıq boşluğunun vəziyyəti də vacibdir.
Endometrioz sonsuzluğa necə təsir edir?
Endometriozu olan qadınların təxminən üçdə biri ilə yarısı arasında sonsuzluq müşahidə olunur. Xəstəlik şiddətli menstruasiya ağrıları, cinsi əlaqə zamanı ağrı və çanaqda yapışıqlıqlarla özünü göstərə bilər. Dərin endometriozun cərrahi müalicəsi — Duqlas boşluğunda və bağırsaq səthində yerləşən düyünlərin çıxarılması da daxil olmaqla — ginekoloq-cərrahdan böyük təcrübə tələb edir və qapalı (laparoskopik) yolla aparılır. Əməliyyat və ya birbaşa süni mayalanma qərarı hər xəstə üçün ayrıca verilir.
AMH aşağıdırsa, hamilə qalmaq mümkündürmü?
Bəli, mümkündür, amma vaxt daha dəyərli olur. AMH yumurta ehtiyatının miqdarını göstərir, yumurtanın keyfiyyətini isə birbaşa göstərmir. Aşağı AMH az sayda yumurta deməkdir. Süni mayalanma üçün bəzən bir keyfiyyətli yumurta da kifayət edir. Belə hallarda müalicə protokolu fərdi seçilir, seçilmiş xəstələrdə yumurta cavanlaşdırma (PRP) müzakirə oluna bilər. Hamiləliyi sonraya planlaşdıran xanımlara isə yumurta dondurma tövsiyə olunur.
Yaş hamiləliyə necə təsir edir?
Yaş bioloji olaraq ən vacib amillərdən biridir. 35 yaşdan sonra yumurtaların sayı və keyfiyyəti daha sürətlə azalır, 40 yaşdan sonra isə xromosom pozğunluqları və düşük riski əhəmiyyətli dərəcədə artır. Buna baxmayaraq, doğru diaqnoz və düzgün seçilmiş protokolla bu yaş qrupunda da hamiləlik mümkündür. Göstəriş olduqda embrionun genetik testi (PGT) xromosom pozğunluğu olan embrionun köçürülməsinin qarşısını almağa kömək edir. Əsas şərt vaxt itirməməkdir.
Menstruasiya nizamsızlığı və polikistoz yumurtalıq sindromu
Nizamsız menstruasiya çox vaxt ovulyasiyanın pozulduğunu göstərir. Səbəb polikistoz yumurtalıq sindromu, prolaktin və ya qalxanabənzər vəzi hormonlarının pozğunluğu, çəki dəyişiklikləri ola bilər. Artıq çəki estrogen və progesteron balansını pozaraq həm təbii hamiləliyə, həm də süni mayalanmanın gedişinə təsir edə bilər. Polikistoz yumurtalıq sindromunda mərkəzimiz yumurtalıqların laparoskopik “drillinq” (deşmə) əməliyyatını məsləhət bilmir. Müalicə hormonal vəziyyətə və cütlüyün digər göstəricilərinə görə planlaşdırılır.
Kista və miomalar mütləq əməliyyat olunmalıdırmı?
Xeyr. USM-də görünən hər kista və mioma əməliyyat tələb etmir. Miomanın ölçüsü və yerləşməsi onun hamiləliyə təsiri barədə çox şey deyir. Şikayət yaratmayan və uşaqlıq boşluğunu deformasiya etməyən miomalar çox vaxt hamiləliyə mane olmur. Əməliyyat qərarı yalnız ətraflı müayinədən sonra verilir.
Təkrarlanan uğursuzluqlar və düşüklər
Süni mayalanma dəfələrlə nəticə verməyibsə və ya hamiləlik təkrar-təkrar erkən həftələrdə dayanırsa, həkimin qiymətləndirməsi ilə cütlüyün genetik vəziyyəti (karyotip) və göstəriş olduqda laxtalanma pozğunluqları araşdırılır. Səbəb tapılmadan eyni protokolu təkrarlamaq vaxt, pul və ümid itkisinə səbəb olur.