PRP kimlər üçün müzakirə oluna bilər?
- yumurta ehtiyatı (AMH) çox azalmış qadınlar;
- erkən menopoz diaqnozu qoyulmuş, az sayda yumurta inkişafı müşahidə olunan xəstələr;
- bir neçə uğursuz cəhdi olmuş, yumurtalıq cavabı zəif olan xəstələr.
PRP qərarı hər xəstə üçün fərdi verilir. Əvvəlcə analizlərə, yumurta ehtiyatına, yaşa və ümumi reproduktiv vəziyyətə baxılır, sonra həkim PRP-nin uyğun olub-olmadığını müəyyən edir.
Elmi sübutlar nə deyir?
PRP-nin effektivliyi ilə bağlı araşdırmalar davam edir və nəticələr hələ birmənalı deyil. Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyəti (ESHRE) 2023-cü il tövsiyələrində yumurtalıqdaxili PRP-ni rutin müalicə kimi qəbul etmir. Buna görə mərkəzimizdə PRP yalnız seçilmiş hallarda, xəstəyə real gözləntilər açıq izah edildikdən sonra tətbiq olunur.
Uşaqlığın içinə PRP edirsinizmi?
Xeyr. DURU-da uşaqlıqdaxili (endometrial) PRP tətbiq olunmur. PRP yalnız yumurtalığa, göstəriş olduqda aparılır.
Mənbə: ESHRE Add-ons Working Group. Good practice recommendations on add-ons in reproductive medicine. Human Reproduction, 2023. doi.org/10.1093/humrep/dead184