Qısa cavab: bağlı borunu dərman açmır.
Əsas sual başqadır: boru hansı nahiyədən bağlıdır — uşaqlığa yaxın hissədən, yoxsa yumurtalığa yaxın ucundan? Nə vaxtdan bağlıdır? Əvvəllər hamiləlik olubmu? Əməliyyat və ya ciddi çanaq infeksiyası keçirilibmi? Bu suallar cavablandırılmadan “boru yuyulması”, masaj və ya uzunmüddətli dərman müalicəsi ilə vaxt itirmək doğru deyil.
Mümkün yollar
- Laparoskopiya. Göstəriş olduqda boruların ətrafındakı yapışıqlıqlar açılır və mümkün olduqda keçiricilik bərpa edilir. Belə xəstələrin bir qismində sonradan hamiləlik təbii yolla baş verir.
- Süni mayalanma. Borular ciddi zədələnibsə, qadının yaşı və ya digər amillər vaxtı məhdudlaşdırırsa, birbaşa süni mayalanma daha doğru seçimdir, çünki bu üsulda borulara ehtiyac qalmır.
- Hidrosalpinks. Borunun içində maye yığılıbsa, bu maye süni mayalanmanın nəticəsinə mənfi təsir edə bilər. Belə hallarda süni mayalanmadan əvvəl cərrahi müdaxilə tövsiyə oluna bilər.
Unutmayın ki, HSG-də borunun “bağlı” görünməsi həmişə həqiqətən bağlı olduğunu göstərmir: müayinə zamanı uşaqlığın yığılması açıq borunu bağlı kimi göstərə bilər. Buna görə əməliyyat qərarından əvvəl nəticə diqqətlə yenidən qiymətləndirilməlidir.